Əlcəzair prezidenti istefa verib

Abdelaziz Bouteflika

Əlcəzair Prezidenti Abdelaziz Bouteflika 20 illik idarəçiliyinə qarşı altı həftədir gedən dinc etirazlardan sonra istefa verib. Məlumatı dövlət mediası yayıb.

Dövlət televiziyasının bildirməsinə görə, Bouteflika Konstitusiya Məhkəməsinə məlumat verib ki, aprelin 2-dən istefa verir.

Bu açıqlamadan az öncə ordunun baş qərargah rəisi prezidentin vəzifədən uzaqlaşdırılması üçün dərhal tədbir görülməsini tələb etmişdi.

2013-cü ildə iflic keçirmiş Bouteflika o vaxtdan ictimaiyyət arasında az görünüb. O, apreldə beşinci müddətə seçilmək üçün namizədliyini verməyi planlaşdırırdı.

Əlcəzair konstitusiyasına görə, prezident istefa verəndən sonra parlamentin yuxarı palatasının spikeri aralıq dövr prezidenti olur. İndiki halda Abdelkader Bensalah 90 gün ərzində prezidentin səlahiyyətlərini icra edəcək, bu müddətdə prezident seçkisi təşkil olunmalıdır.

Aprelin 2-də axşam yüzlərlə əlcəzairli küçələrə çıxaraq Bouteflika-nın istefaya getməsini bayram edib.