Müsavatçının məhkəməsində vəkilin vəsatəti qəbul edilib

A.Həsənov

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə iclas davam edib.

Prosesdə şahid ifadəsi dinlənilib.

Vəkil Osman Kazımov Azadlıq Radiosuna deyib ki, şahidin məhkəmədə söylədikləri ilə istintaqa verdiyi ifadə arasında bir sıra uyğunsuzluqlar olub. O.Kazımovun bildirməsinə görə, özünü Ramana qəsəbəsindən cüdo məşqçisi kimi təqdim edən hal şahidi Elvin Tağıyev məhkəmədə A.Həsənovdan götürdüyünü iddia etdiyi narkotikin qablaşdırmasını və başqa bir şahidin xarici görünüşünü fərqli təsvir edib.

O.Kazımov deyib ki, o, daha əvvəl şahid qismində ifadə vermiş iki polis əməkdaşının yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

«Hər ikisi A.Həsənovun üzərində narkotik olduğu barədə operativ məlumatın mənbəyi haqqında məhkəmənin sualını cavablandırmaqdan imtina etmişdilər. Bu isə təqsirləndirilən şəxsin ədalətli məhkəmə təhqiqatı hüququnun pozuntusu deməkdir», -deyə O.Kazımov vurğulayıb.

Vəkilin deməsinə görə, hal şahidi onun iradlarına cavab verə bilməyib və məhkəmə vəsatəti təmin edib. Növbəti iclas aprelin 9-na təyin olunub.

Vəkilin hal şahidinin ifadəsində uyğunsuzluq olması haqqında dediklərinə, hələlik, qarşı tərəfin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənovun özü isə 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Barəsində həbs-qətimkan tədbiri seçilib.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.