Aprelin 5-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Moskvaya işgüzar səfər edəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə səfərdə məqsəd aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. Toplantıda Birlik daxilində əməkdaşlıq məsələləri nəzərdən keçirilməlidir.
MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar. Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib. Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.