Hər 4 tibb ocağından birində su yoxdur

İllüstrativ foto

Dünyada hər dörd tibb ocağından birində təməl su xidməti yoxdur və bu durum 2 milyarddan çox adamı əhatələyir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF birgə hesabatında deyir.

Hesabat hər 5 tibbi xidmət obyektindən 1-də sanitariya xidmətinin olmadığını da üzə çıxarıb. Bu isə 1,5 milyard nəfərə təsirini göstərir.

Bundan başqa sənəddə qeyd olunur ki, bir çox tibb mərkəzlərində əl gigiyenası, tibbi xidmət tullantılarının atılması üçün gərəkən avadanlıq çatışmır.

Bütün bu xidmətlər isə infeksiyaların önlənməsi, mikroblara müqavimətin yayılmasının azaldılması, keyfiyyətli tibbi qayğı, özəlliklə təhlükəsiz doğuş üçün vacibdir.

Hesabatda o da vurğulanır ki, az inkişaf etmiş ölkələrin yalnız 55 faizində su gəlir.

Hesablamalara görə, dünyada hər 5 uşaqdan biri bu ölkələrdə doğulur və hər il 17 milyon qadın adekvat su, sanitariya və gigiyena xidmətləri olmayan tibb mərkəzlərində doğur.