4 fəalın həbs edildiyi deyilir

Polis

«Milli Şuranın mitinqlərinin təşkilatçılarından 4 fəal - Paşa Umudov, Ramid Nağıyev, Yalçın Abdullayev və Nicat Nizamov inzibati qaydada həbs edilib».

Bunu AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə, bu şəxslər martın 30-u və 31-də saxlanıblar: «Həbs edilənlərin hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsini pozmaqda təqsirli bilinib. Xətai Rayon Məhkəməsi P.Umudova 15 sutka, Binəqədi Rayon Məhkəməsi R.Nağıyevə 30 sutka, Y.Abdullayevə 15 sutka, Suraxanı Rayon Məhkəməsi isə N.Nizamova 15 sutka inzibati həbs verib».

Amma bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyi və sözügedən rayon məhkəmələrindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin də daxil olduğu Milli Şura aprelin 6-na mitinq təyin etmişdi. Amma «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya yox» və başqa şüarların səslənəcəyinin gözləndiyi aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) dünən, aprelin 3-də müsbət cavab verməyib.

«BŞİH yox cavabını «Məhsul» stadionunda keçirmək istədiyimiz aksiyanın sakinlərin «narahatlığına səbəb olması» ilə əsaslandırıb», - deyə təşkilatçılar bildirmişdilər. Onlar cavab məktubunda yazılanları bəhanə sayırdılar.

Hakimiyyət rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Hakimiyyət rəsmiləri, üstəlik, korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, buna qədər bu ilin əvvəlindən onların 45 fəalı inzibati hüquq pozmalarında günahlandırılaraq 10-30 sutka arası həbs ediliblər. Bu partiyanın müxtəlif ittihamlarla mühakimə olunan 10-a yaxın falı isə ayrıca uzunmüddətli həbsdədir. Partiya onların hamısının siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edildiyini açıqlayıb. Amma hakimiyyət rəsmiləri isə deyirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib edilmir. Rəsmilər Azərbaycanda bütün fundamental azadlıqların qorunduğunu bəyan edirlər.