Paytaxtın Xətai rayonunun icra başçısı Razim Məmmədov olanda onun əmisi oğlu Xalid Məmmədov da bu rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyirdi. Dekabrda R.Məmmədov icra başçısı vəzifəsindən kənarlaşdırılandan az sonra onun qohumu X.Məmmədov da rüşvət alma ittihamıyla məhkəmə qarşısına çıxarılmışdı. Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası bu iş üzrə üçgünlük müşavirədən sonra X.Məmmədovun 8 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. X.Məmmədov Xətai rayonunda rüşvət alıb qanunsuz tikililərə şərait yaratmaqda suçlu sayılıb.
Amma X.Məmmədov özünü təqsirli bilmir. Sabiq məmur təkcə bir tikintiyə görə 50 min manat rüşvət alması barədə ittihama məhkəmədə münasibət bildirərkən deyib ki, nəinki bu pulu almayıb, heç ona təklif də edilməyib. Bildirib ki, tikinti məsələlərinin ona aidiyyəti olmayıb, əsasən məhəllələrdəki daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar.
X.Məmmədovu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prokurorluğa göndərdiyi materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Ona CM-in 311 (rüşvət alma), 34.312-ci (rüşvət verməyə təhrik etmə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib.
Razim Məmmədov dekabrın 13-də prezidentin sərəncamıyla Xətai Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.