«Burada yaşayış üçün ən yüksək standartlar yaradılıb. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır».
AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev bunu aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsindən ötrü salınan yeni yaşayış kompleksinın açılış mərasimində bildirib.
Dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllini ən prioritet məsələ adlandırıb. 2018-ci ildə məcburi köçkünlərə 5 mindən çox mənzilin inşa edildiyini bildirib.
İ.Əliyev bu yöndə işlərin bundan sonra da davam etdiriləcəyini və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsinin planlaşdırıldığını söyləyib.
Qarabağ münaqişəsi barədə danışan dövlət başçısı deyib ki, Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur: «Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Tarixi ədalət də Azərbaycanın tərəfindədir».
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib, sakinlər ölkənin başqa bölgələrinə köçkün düşüblər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.