«Pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır. Gündəlik tələbata daxil olan məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma var».
«Report» xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar: «İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırmaqla məşğuldur. Süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir».
Buna da bax: Soğandan sonra kələm də 'ceyran belində'
Nazir deyib ki, hökumət tərəfindən bununla bağlı yaxın günlərdə tədbirlər görüləcək: «Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın gömrük dəyərinə görə spesifik idxal rüsumu tətbiq olunurdu. Kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. İnanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək».
Xatırlatma
Bu yaxınlarda Azərbaycanda soğanın qiyməti təqribən iki dəfə artıb. İndi bir kiloqram soğan 1 manat 50 qəpiyə satılır. Ekspertlər bunu qonşu Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının qıtlığından sonra bu ölkəyə ixracın artması ilə izah edirdilər.
Kartofun da qiymətində müəyyən bahalaşma var. Son bir həftədə kələmin qiyməti isə kəskin bahalaşıb. Bir kiloqram kələn 70-90 qəpikdən 2 manata yüksəlib. İndi hətta Bakının bəzi marketlərində 1 kiloqram kələm 2 manat 20 qəpiyə satılır.