Moskvada məhkəmə teatr rejissoru Kirill Serebrennikov və iki həmkarını ev dustaqlığından buraxıb. Onların hər üçü özlərinə qarşı mənimsəmə ittihamının siyasi motivli olduğunu deyirdilər.
Moskva Şəhər Məhkəməsi aprelin 8-də çıxardığı qərarla Serebrennikov, prodüser Yury Itin və Mədəniyyət Nazirliyinin keçmiş əməkdaşı Sofia Apfelbaum-un məhkəmə bitənədək Moskvadan çıxması qadağan olunur.
Bu iş üzrə dördüncü təqsirləndirilən, prodüser Aleksei Malobrodsky-nin Moskvadan çıxışına artıq qadağa qoyulub.
Serebrennikov-un 2017-ci ilin avqustunda həbsi beynəlxalq ictimaiyyətin diqqətini çəkib, Rusiyada hakimiyyətin Prezident Vladimir Putin hökumətindən narazı mədəniyyət xadimlərini hədəfə alması ittihamlarına yol açıb.
VƏSAİTİN HƏCMİ 2 MİLYONA QALDIRILIB
49 yaşlı rejissor 2011-2014-cü illərdə özünün yaratdığı “7-ci studiya”ya ayrılan dövlət vəsaitindən 68 milyon rublun (1 milyon dollardan artıq) mənimsənilməsinin təşkilində ittiham olunurdu.
2018-ci ilin yanvarında prokurorlar təqsirləndirilənlərin 133 milyon rubl (2 milyon dollar) vəsaiti mənimsədiyini bildirdilər.
Təqsirləndirilənlərin dördü də təqsirsiz olduğunu deyir. Serebrennikov 2018-ci ilin oktyabrında başlamış məhkəməni “absurd” adlandırır.
Dördüncü təqsirləndirilən şəxs – mühasib Nina Maslyayeva isə təqsirini boynuna alıb, digər təqsirləndirilən şəxslərə qarşı dəlil kimi istifadə olunan ifadə verib. O, ayrıca mühakimə olunur.
Serebrennikov-un tərəfdarları deyirlər ki, bu cinayət işi 2018-ci ilin martında keçirilmiş prezident seçkisi öncəsi incəsənət cameəsinə təzyiqin bir hissəsi idi. Həmin seçkini 2000-ci ildən Rusiyada hakimiyyətdə olan Putin udub.
Serebrennikov daha öncə antihökumət etirazlarında iştirak edib, Putin idarəçiliyi dövründə dövlətlə əlaqələri inkişaf edən Rusiya Pravoslav Kilsəsinin ölkədə nüfuzunun güclənməsindən narahatlıq bildirib.