XİN: 'NATO üçün dəhliz bağlanmayıb'

XİN

«Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan «Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır» ifadəsi həqiqətəuyğun deyil».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

«Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi, Azərbaycanın da iştirakçı olduğu «Qətiyyətli Dəstək» missiyasının üzvlərinə ölkə ərazisindən sözügedən missiya çərçivəsində yükdaşımaların həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir», - XİN sözçüsü vurğulayıb.

O əlavə edib ki, belə bir təcrübə 2001-ci ildən mövcuddur: «NATO üzv ölkələrinin müvafiq uçuş icazələri üçün müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir».

«Azərbaycan NATO ilə əməkdaşlıq edib, edir və gələcəkdə də…»

L.Abdullayeva deyib ki, sözügedən müraciətlərə Azərbaycan tərəfinin qaydalarına, prosedurlarına uyğun, tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında baxılır:

ABŞ hərbi təyyarəsi Kabil hava limanına eniş edir.

«Bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına öz töhfəsini verib. ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb».

XİN sözçüsü vurğulayıb ki, bir neçə NATO ölkəsi Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər: «…Son günlər Almaniya mətbuatına sızan məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq, NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır».

Xatırlatma

Son günlər Almaniyanın «Focus» nəşrində Azərbaycanın bu ölkənin hərbi təyyarələrinə hava məkanından Əfqanıstana uçmalarına icazə verməməsinə dair məlumat yer alıb. Həmin məlumatda Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən iddia edilir ki, martın sonlarında «hərbi səviyyədə mübahisə» yaranıb. İndi Almaniyanın Xarici İşlər Nazirliyinin bu məsələni həll etməyə çalışdığı vurğulanır.

Almaniya mətbuatında yer alan həmin məlumata Azərbaycan Müdafiə Nazirliyindən isə münasibət bildirməyiblər.