Wikileaks saytının yaradıcısı Julian Assange aprelin 11-də London məhkəməsi qarşısına çıxarılb. O İsveçin həbs orderindən yayınmaqda və zaminlik qaydasını pozmaqda ittiham olunur.
Assange bu ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib.
ABŞ Ədliyyə Nazirliyi Assange-ın həbsindən az sonra bildirmişdi ki, o 2010-cu ildə keçmiş ABŞ casusu Chelsea Manning-lə birlikdə ABŞ hökumətinin məxfi kompüterlərinə müdaxilə cəhdində ittiham edilir.
Ədliyyə Nazirliyi bunu da bildirir ki, bu ittiham üzrə təqsirli bilinərsə, Assange-ı maksimum 5 il müddətinə azadlıqdan məhrumetmə gözləyə bilər.
***
Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, Britaniya polisi Wikileaks saytının yaradıcısı Julian Assange-nın saxlandığını bildirir.
Məlumata görə, polis əməkdaşları Assange-nın sığındığı Ekvador səfirliyinə dəvət olunublar. Ekvador onun siyasını sığınacağını ləğv etmək qərarına gəlib.
London polisi aprelin 11-də bildirib ki, Assange saxlanıb və “mümkün qədər tez” məhkəmə qarşısına çıxarılacaq.
Assange 2012-cı ildən Ekvadorun Londondakı səfirliyində gizlənirdi. O, ilkin olaraq, iki qadının 2010-cu ildə səsləndirdiyi cinsi təcavüz və zorlama ittihamları ilə İsveçə ekstradisiya olunmaqdan yayınıb. Sonradan isə Britaniyanın özündə zaminə buraxılma şərtlərini pozduğuna görə həbs təhlükəsi olduğundan səfirlikdən çıxa bilmirdi.
O, əvvəlcə səfirlikdə qonaq kimi xoş münasibət görmüşdü. Ancaq bu Cənubi Amerika ölkəsində hakimiyyət dəyişincə onun kənar şəxslərlə təmasları məhdudlaşdırıldı, İnternetə çıxışı kəsildi.
47 yaşlı avstraliyalı Birləşmiş Ştatların Əfqanıstan və İraq müharibələrinə dair 500 minədək gizli sənədini sızdırmaq ittihamıyla mühakimə oluna bilər.
Ötən il ABŞ-ın Virciniya ştatında prokurorlar Assange-a açıqlanmayan ittihamların olduğunu bildirmişdilər. ƏTRAFLI