Sudanın hərbi şurası vəd verir

Sudanda etirazçı

Sudanın hərbi şurası ölkədə mülki hökumət qurmağı vəd edir. Bir gün öncə ordu uzun müddətdir ölkəyə liderlik etmiş Omar al-Bashir-i devirib.

Şura aprelin 12-də bildirib ki, seçkiqabağı keçid müddətinin ən çox iki il çəkəcəyini gözləyir.

O da bildirilir ki, Bashir genosid ittihamları ilə mühakimə olunmaqdan ötrü beynəlxalq hərbi cinayətlər məhkəməsinə verilməyəcək, Sudanda məhkəmə qarşısına çıxarılacaq.

Bu arada etirazçılar paytaxt Xartumda küçələrdədir, demokratik hökumət tələb edirlər.

Əsas etirazçı qrup təklifi rədd edib, hərbi şuranın “dəyişiklik yaratmaq iqtidarında olmadığını” deyib.

Sudanın Peşəkarlar Assosiasiyası isə hakimiyyətin dərhal “mülki keçid hökuməti”nə təhvil verilməsi tələbini səsləndirib.

75 yaşlı Bashir təxminən 30 il hakimiyyətdə qalıb, 16 həftə çəkən nümayişlərdən sonra istefaya məcbur edilib.

Onun istefasını müdafiə naziri Awad Mohamed Ahmed Ibn Auf elan edib, Bashir-in “təhlükəsiz yer”də saxlandığını bildirib.