Ölkənin 27 şəhər və rayonda keçirilən orta ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin buraxılış imtahanı başa çatıb.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.
Dövlət İmtahan Mərkəzinin (DIM) məlumatına görə, aprelin 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işlərini (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər yoxlamalıdırlar. Yazı işlərinin yoxlanılmasından ötrü proqram təminatını Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri hazırlayıb.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.
--
Bu gün, aprelin 14-də Azərbaycanın 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin XI sinif şagirdlərindən ötrü buraxılış imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzi (DİM) ümumilikdə 28919 şagirdin imtahan verəcəyi barədə məlumat yayıb.
İmtahan saat 11:00-da başlanır və 3 saat davam etməlidir.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.
DİM-in məlumatına görə, XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsindən ötrü qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. İmtahanda 28919 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur. Bura Sumqayıt, Gəncə, Şamaxı və 24 rayonun məktəbliləri daxildir.
İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.
Xatırlatma
Bundan əvvəl, aprelin 7-də də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan 27659 şagirdin buraxılış imtahanı keçirilmişdi.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaqdan ötrü müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur. Bu, iki ildə abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə), eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.
V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən universitetlər) üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Abituriyentlər burda əlavə olaraq qabiliyyət imtahanı da verməli olacaqlar.