ABŞ Venesuelaya bütün ‘vasitələr’lə kömək edəcək

Mike Pompeo, arxiv fotosu

Birləşmiş Ştatların Dövlət katibi Mike Pompeo deyir ki, Vaşinqton Venesuelaya kömək üçün bütün iqtisadi və siyasi alətlərdən istifadə edəcək.

Venesuelada müxalifət lideri Juan Guaido özünü aralıq dövr prezidenti elan edib, sosialist prezident Nicolas Maduro isə hakimiyyətini saxlamağa çalışır.

Aprelin 14-də Kolumbiyanın Kukuta sərhəd şəhərində çıxış edən Pompeo deyib ki, Maduronu dəstəkləyən ölkələr bunu bədəlini ödəyəcək.

Maduronu dəstəkləyən ölkələr sırasında Rusiya, İran, Çin və Kuba var. Birləşmiş Ştatlar, Avropanın böyük hissəsi və digər ölkələr isə Guaido-nun arxasında durur.

“Birləşmiş Ştatlar Venesuela xalqına kömək üçün əlindəki bütün iqtisadi və siyasi vasitələrdən istifadəni davam etdirəcək”, – Pompeo deyib. O, Çili, Paraqvay və Peruya üçgünlük səfərdən sonra Kolumbiyaya gedib.

O, nəzərdən keçirilən vasitələr içində sanksiyalar və vizaların ləğvinin də olduğunu sözlərinə əlavə edib.

Maduro 2013-cü ildə Hugo Chavez-in ölümündün sonra hakimiyyətə keçib. Ötən ilin may seçkisindən sonra ikinci müddətə prezident elan olunub. Ancaq müxalifət seçkini boykot edib, küçə etirazları təşkil edib.