'8 ton narkotik dövriyyədən çıxarılıb'

Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans

Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans

Aprelin 15-də Bakıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə konfrans başlayıb.

Tədbir Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) adlanır.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda yazılıb.

Məlumata görə, toplantıya dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndə qatılıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycanın baş naziri Novruz Məmmədov konfransın əhəmiyyətindən bəhs edib.

«Report» agentliyinin xəbərinə görə isə, baş nazir N.Məmmədov deyib ki, son 5 ildə ölkədə 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Baş nazirin əlavə etməsinə görə, 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun Ermənistanın işğalında qalması narkotiklərin qanunsuz dövriyyəsinə səmərəli şərait yaradır.

Narkotiklərlə mübarizədə mühüm platforma sayılan bu beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən belə toplantılar ümumdünya tədbirinə çevrilib.

Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.