Rusiyada hakim teatr rejissoru Kirill Serebrennikov və onunla birlikdə təqsirləndirilənlərin işi üzrə dəlillərin araşdırılmasına qərar verib. Məhkəmənin növbəti iclası iki ay sonraya təxirə salınıb.
Aprelin 15-də çıxarılmış bu qərar müdafiə tərəfinin qələbəsi sayılır. Vəkillər ittiham tərəfinin təqdim etdiyi maliyyə informasiyasını sorğulamışdılar.
Meşşanski məhkəməsinin hakimi Irina Akkuratova işlə bağlı maliyyə, incəsənət və digər informasiyanın “hərtərəfli” öyrənilməsi üzrə qərar çıxararaq növbəti iclası iyunun 17-nə təyin edib.
Serebrennikov 2017-ci ilin avqustunda saxlanıb. Bu həbs beynəlxalq ictimaiyyətin diqqətini çəkib, Rusiya hakimiyyətinin Prezident Vladimir Putin hökumətini tənqid edən mədəniyyət xadimlərini hədəfə alması barədə ittihamlara yol açıb.
49 yaşlı rejissor və daha üç təqsirləndirilən 133 milyon rubl (2 milyon dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Aprelin 8-də məhkəmə Serebrennikov və daha iki təqsirləndirilən barəsində ev dustaqlığını ləğv etdi.