Lukashenka Brüsselə nahara çağrılıb

Alyaksandr Lukashenka (ortada)

Belarus Prezidenti Alyaksandr Lukashenka Brüsselə nahara dəvət olunub. Nahar mayın 13-də Şərq Tərəfdaşlığınını 10-cu ildönümü münasibətilə Avropa Şurasının Prezidenti Donald Tusk tərəfindən veriləcək.

AzadlıqRadiosu informasiya Avropa İttifaqında anonimlik şərtilə danışan bir sıra mənbələrdən əldə edib. Lukashenka Aİ-nin beş şərq tərəfdaşı – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna liderləri ilə birlikdə tədbirə dəvət olunub.

Ancaq onlar Lukashenka-nın nahara şəxsən qatılacağını gözləmirlər. Rəsmi Minsk nahara Xarici işlər naziri Uladzimer Makei-ni göndərə bilər. O, 2017-ci ildə Brüsseldə Şərq Tərəfdaşlığı sammitində ölkəsini təmsil etmişdi.

***Buna da bax: Aİ postsovet respublikaları ilə tərəfdaşlığı uzadır

Lukashenka daha öncə Aİ-nin tədbirlərindən kənarda qalmışdı və 2017-ci ildə ilk dəfə sammitdə yüksək səviyyədə təmsil olunmuşdu.

25 ildir Lukashenka idarəçiliyi altında olan Belarusu bəzən “Avropanın sonuncu diktaturası” adlandırırlar. 2010-cu ilin dekabrında prezident seçkisindən sonrakı təzyiqlərə görə Brüssel Minskə sanksiyalar tətbiq etmişdi.

2015-ci ilin avqustunda Belarusda siyasi məhbusların hamısı azad olundu. 2016-cı ilin fevralında isə Aİ bu ölkəyə sanksiyaların çoxunu qaldırdı.

Belə ki, aktivlərin dondurulması dayandırıldı, Lukashenka daxil 170 belarusluya viza qadağaları, 14 şirkətə məhdudiyyətlər qaldırıldı.

Aİ Şərq Tərəfdaşlığını 2009-cu ildə işə salıb. Məqsəd Şərqi Avropa və Cənubi Qafqazda altı ölkənin iqtisadi inteqrasiyasını, bu ölkələrdə Avropa dəyərlərini təkmilləşdirməkdir. Ancaq bu ölkələrə sonucda Aİ üzvlüyü vəd olunmur.