Aprelin 15-də Sudanın paytaxtı Xartumda etirazçılar əsgərlərin Müdafiə Nazirliyi qarşısındakı oturaq aksiyanı dağıtmasını önləməyə çalışıb.
Minlərlə adam nazirlik qarşısında düşərgə salıb, prezident Omar al-Bashir-in devrilməsindən sonra hərbi şuraya tələblərini verib.
Əsgərlər oturaq aksiya keçirənləri üç tərəfdən mühasirəyə alıb, traktorlar daş və dəmir sədləri dağıtmağa hazırlaşanda etirazçılar qol-qola girərək ərazini dövrələyərək onlara mane olub.
Təxminən 5 min etirazçı “Azadlıq, azadlıq”, “İnqilab, inqilab” şüarları səsləndirib, əsgərləri onları qorumağa çağırıb.
Bundan öncə etirazlara rəhbərlik etmiş qrup adamlara təcili çağırış edib, onları oturaq aksiyaya qoşulmağa, onu önləmək cəhdlərinə mane olmağa çağırıb.
Sudan ordusu aprelin 11-də Bashir-i devirərək hakimiyyəti ələ alıb.
Çevrilişdən öncə Sudanda bir neçə həftə dinc nümayişlər keçirilib.
General Abdel Fattah al-Burhan-ın rəhbərlik etdiyi hərbi şura iki il ərzində hakimiyyəti mülki hökumətə verəcəyini bildirib.
Burhan aprelin 13-də televiziya bəyanatında etirazların liderləri ilə danışıqlara hazır olduğunu söyləyib.
Hərbi şura daha öncə bildirmişdi ki, Bashir genosid ittihamları ilə bağlı Sudanda mühakimə olunacaq.