Rusiya məhkəməsi norveçliyə 14 il həbs cəzası kəsdi

Frode Berg

Rusiyada məhkəmə Norveç vətəndaşını casusluqda təqsirli bilib və yüksək rejimli həbsxanada 14 il həbs cəzasına məhkum edib.

Norveç-Rusiya sərhədində vaxtilə müfəttiş kimi çalışmış Frode Berg aprelin 16-da Moskva Şəhər Məhkəməsində qapalı keçirilən prosesdə təqsirli bilinib.

63 yaşlı Berg 2017-ci ilin dekabrında Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb və Rusiyanın nüvə sualtı qayıqlarına aid məxfi informasiya əldə etməyə çalışmaqda ittiham olunub.

Ancaq özü Norveç adından casusluq ittihamlarını qəbul etməyib.

Frode Berg vəkili Ilya Novikov ilə danışır

“Əlində sənədlə tutulub”

Aprelin 9-da keçirilən prosesdə dövlət ittihamçısı Milana Digayeva iddia edib ki, Berg əlində sənədlərlə tutulub, həmin sənədləri Rusiya kəşfiyyatı tərəfindən izlənən, hərbi obyekt əməkdaşı Aleksei Zhitnyuk-dan alıb.

Zhitnyuk 2018-ci ilin dekabrında vətənə xəyanətdə təqsirli bilinib və 13 il həbs cəzasına məhkum edilib.

Berg-in vəkillərinin deməsinə görə, o, Norveç hərbi kəşfiyyatı üçün kuryer xidməti göstərdiyini boynuna alıb, ancaq deyib ki, qatıldığı əməliyyat barədə məlumatı az olub, yalnız pul daşıdığını düşünüb.

14 illik həbs prokurorların tövsiyə etdiyi cəzaya uyğundur. Casusluğa görə maksimum cəza 20 ildir.

Berg-in vəkili Ilya Novikov aprelin 16-da deyib ki, o, apellyasiya şikayəti verməyəcək, hökm qüvvəyə minən kimi əfv üçün müraciət edəcək.

Mümkün əfvlə bağlı sual ötən həftə Prezident Vladimir Putinə verilib. O, hökm qüvvəyə minincə əfv müraciətini nəzərdən keçirəcəyini söyləyib.

Novikov ötən həftə uzunmüddətli cəza gözlədiklərini deyib. Onun sözlərinə görə, müdafiə tərəfi diplomatik danışıqların Berg-in azad olunmasıyla sonuclanacağına ümid edir.

“Sual odur ki, onun azad etməkdən ötrü diplomatik cəhdlər uğurlu olacaqmı?” – Novikov söyləyib.