Kiçik fermerlərə xoş xəbər

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəhramtəpədə taxıl sahələrdə batır. 2013

Kənd Təsərrüfatı Nazirliyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib.

Bu barədə bu gün, aprelin 17-də nazirlik məlumat yayıb.

Məlumatda bildirilir ki, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub: «Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən «Aqrolizinq» ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub».

Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən, dövlətdən güzəştlə texnika ala bilərlər. Verilən məlumata görə, 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında texnika götürmək mümkündür. Rəsmi açıqlamaya görə, yerdə qalan hissəni isə uzunmüddətli, faizsiz kredit əsasında ödəmək mümkün olacaq.

«Görüşün sonunda iri taxılçılıq təsərrüfatlarının təmsilçiləri ilə bu mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları ətraflı cavablandırılıb», - məlumatda bildirilir.

Amma bu açıqlamaya, hələlik, iri taxılçılıq təsərrüfatlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda kiçik ailə təsərrüfatlarının sahibləri, bir qayda olaraq, kombayn azlığından şikayət edirlər. Onların deməsinə görə, əkin vaxtı kombaynı tapmağa çətinlik çəkdiklərindən çox vaxt məhsul yetişsə də, biçini gecikir. Bu da onların fikrincə, məhsuldarlığa mənfi təsir edir. Sadə kəndlilərin şikayətinə görə, bir sıra məmurlar böyük əkin sahələrinə nəzarət edir, texnikalar da ilk növbədə onların sahəsində çalışır.