Ukraynada ‘terror’ qrupunun zərərsizləşdirildiyi bildirilir

Vasyl Hrytsak

Ukrayna hakimiyyəti yeddi nəfərin həbs olunduğunu deyir. Həmin şəxslərin siyasi qətllər törətmək üçün Rusiya təhlükəsizlik xidmətləri tərəfindən göndərildiyi iddia olunur. Guya Ukrayna təhlükəsizlik agentlərini də qətlə yetirməyi planlaşdırıblarmış.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sədri Vasyl Hrytsak açıqlamanı aprelin 17-də, prezidentin seçkisinin ikinci turundan dörd gün öncə verib.

Hrytsak mətbuat konfransında bildirib ki, SBU “Rusiya xüsusi xidmətlərinə məxsus sabotaj və kəşfiyyatçı terrorçu qrupunu” zərərsizləşdirib, qrup üzvü olan yeddi nəfər saxlanıb.

O, qrupa kömək edən bir nəfərin aprelin 17-də saxlandığını söyləyib. Ancaq həmin şəxsin yeddi nəfərdən biri olub-olmaması bəlli deyil.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib, Donetsk və Luqansk regionlarında separatçıları dəstəkləməyə başlayıb. Həmin ilin aprelindən başlamış münaqişədə 13 min nəfər həlak olub.

Hələlik, Rusiya rəsmiləri bu açıqlamanı şərh etməyiblər.