Belarus Prezidenti Alyaksandr Lukashenka deyir ki, ölkədə növbəti prezident seçkisi 2020-ci ildə, parlament seçkisi isə bu il keçiriləcək.
Lukashenka bunu aprelin 19-da parlament qarşısında illik müraciətində deyib.
Bəzi siyasətçilər prezident və parlament səsvermələrini seçki kampaniyalarının toqquşmaması üçün ayrı-ayrılıqda keçirməyi təklif edirdi.
Mərkəzi Seçki Komissiyasının sədri Lidziya Yarmoshyna-nın sözlərinə görə, mövcud qanunvericilik prezident seçkisinin 2020-ci il avqustun 30-dan, parlament seçkisinin isə 2020-ci il sentyabrın 6-dan gec olmayaraq keçirilməsini nəzərdə tutur.
“Belarus qanunvericiliyində yalnız ‘gec olmayaraq’ ifadəsi var. Yəni, seçkiləri həmin tarixlərdən gec keçirmək olmaz, amma tez mümkündür”, – Yarmoshyna yanvarda AzadlıqRadiosu-na demişdi. Onun sözlərinə görə, qanunvericilikdə seçkilərin nə qədər tez keçirilməsi haqda bir söz deyilmir.