Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.
Bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda qeyd edilir.
"Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması, yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını pisləyirik. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında yazılıb.
Xatırlatma
Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayının 200 nəfəri keçdiyi bildirilir.
Paytaxt Kolombo ilə Neqombo şəhərindəki 3 kilsədə və 3 mehmanxanada törədilən partlayışlarda azı 500-ə yaxın insan yaralandığı açıqlanıb.
İlk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki "Müqəddəs Antoni" kilsəsində insanların Pasxa bayramını qeyd etdikləri vaxt baş verib. Növbəti partlayış Neqombo şəhərindəki "Müqəddəs Sebastian" kilsəsində, daha biri isə Battikaloa şəhərindəki kilsədə törədilib. Bundan başqa, beşulduzlu 3 mehmanxanada da partlayış olub.
Hələlik, məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.