Şimali Makedoniyada prezident ikinci raundda seçiləcək

Stevo Pendarovski (sağda) və Gordana Siljanovska-nın seçki plakatları

Şimali Makedoniyada prezident seçkisinin ikinci raundu keçiriləcək. Artıq bülletenlərin 96,99 faizi sayılıb. Qərbyönlü namizəd Stevo Pendarovski 42,7, onun əsas rəqibi, müxalifətin namizədi Gordana Siljanovska-Davkova isə 42,6 faiz səs yığıb.

Nəticələr təsdiqlənərsə, ikinci raund mayın 5-də keçirilməlidir.

Alban partiyasının nümayəndəsi Blerim Reka 10,43 faizlə üçüncü yerdədir.

Pendarovski ölkənin NATO-ya üzvlük prosesinin koordinatorudur və hakim Sosial Demokratlar tərəfindən dəstəklənir. O, ölkənin adının dəyişdirilməsi üzrə Yunanıstanla sazişin güclü təbliğatçısı idi. Saziş imzalanınca Şimali Makedoniyanın NATO-ya, eləcə də Avropa İttifaqına üzv ola biləcəyinə ümid artdı.

Mühafizəkar Siljanovska-Davkova 63 yaşındadır, hüquq professorudur. O, seçkiyə müstəqil namizəd kimi qatılsa da, hazırda ən böyük müxalifət partiyası olan VMRO-DPMNE tərəfindən dəstəklənir. Siljanovska-Davkova ölkənin adının dəyişdirilməsinə qarşı çıxırdı.

Afina on illər boyunca Makedoniyanın adına etiraz edib, bunun Yunanıstanın şimalındakı eyniadlı vilayətə ərazi iddiasını ortaya qoyduğunu bildirib.