Polisə, hərbçilərə kompensasiya artırılır

N.Məmmədov

Aprelin 22-də baş nazir Novruz Məmmədov xidmət yerində kirayədə yaşayan polis, prokurorluq, miqrasiya əməkdaşlarına və hərbi qulluqçulara ödənilən pul kompensasiyalarını artırıb.

Bununla bağlı bir sıra sənədlərə dəyişiklik edilib.

Dəyişikliklə daxili işlər orqanlarında (Daxili Qoşunlar istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) artırılıb.

Amma bu yaşayış yerindən asılı dəyişir.

Bu məbləğ Bakıda 47 manatdan 150 manata qaldırılıb. Yerindən asılı olaraq 33 manatdan 75 manata, 27 manatdan da 55 manata çatdırılan var.

Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda isə 100 manat müəyyən edilib.

Hərbi qulluqçular, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 il xidmət etmiş və ştatların ixtisarı ilə bağlı ehtiyata, istefaya buraxılan zabitlərlə, gizirlərlə, miçmanlarla da bağlı dəyişiklik var. Onlara da verilən kompensasiyalar yerindən asılı olaraq 2-3 dəfə artırılıb.

Eyni zamanda, prokurorluq, miqrasiya orqanları əməkdaşlarına da mənzil haqlarından ötrü verilən kompensasiyalarda 2-3 dəfə artım edilib.

Qərar martın 1-dən qüvvəyə minib.