İtkin əsgərin cəsədi tapılıb

Qar uçqunu

Daşkəsən rayonunda qar uçqunu nəticəsində itkin düşən əsgər Fərrux Məmmədovun cəsədinin tapıldığı açıqlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin aprelin 23-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, F.Məmmədovun cəsədi bu gün, aprelin 23-də səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycan Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşmüşdü. Nazirliyin martın 7-də yaydığı məlumatda onların qar uçqununa düşdüyü vurğulanırdı.

Bundan bir həftə əvvəl, aprelin 14-də digər itkin düşən hərbi qulluqçu, gizir Hafiz Abdullayevin cəsədinin tapıldığı açıqlanmışdı.