Bosniya miqrantları qəfəsdə saxlamadığını deyir

Bosniya Herseqovina sərhədində miqrantlar

Bosniyanın sərhəd polisi miqrantlarla pis rəftar olunmasıyla bağlı yayılmış məlumatları təkzib edib. Bundan öncə fəallar yaydıqları videoda sərhəd məntəqəsində uşaqların və digərlərinin qəfəslərdə saxlandığını bildiriblər.

Polis aprelin 23-də yaydığı bəyanatında həmin videonun çaşdırıcı olduğunu, Klobuk sərhəd keçid məntəqəsinin qanunsuz miqrantlar üçün yalnız müvəqqəti saxlanma mərkəzi kimi fəaliyyət göstərdiyini deyir.

“Bosniya və Herseqovinanın sərhəd polisi Klobukda miqrantlarla qeyri-insani rəftar olunmasıyla bağlı deyilənləri təkzib edir”, – bəyanatda vurğulanır.

“Burada 6 saatdan artıq qalmırlar və miqrantlar orada iki saatdan çox saxlanmayıblar”, – polis əlavə edir.

“Miqrantlar burada qıfıl altında qalmayıb”

Aprelin 23-də mirqrantların hüquqlarını müdafiə edən qrupun yaydığı videoda beş uşaq daxil olmaqla iraqlı miqrantların qəfəsdə olduğu görünür.

Bosniya-Xorvatiya sərhədində miqrantlarla polis qarşı-qarşıya

Polisin məlumatına görə, Avropa İttifaqının maliyyə ayırdığı həmin obyekt “klassik” bina deyil, adi divarla yox, hasara oxşar arakəsmələrlə ayrılıb.

Monteneqro ilə sərhəddə yerləşən bu mərkəzdə qanunsuz miqrantlar deportasiya olunmamışdan öncə müvəqqəti saxlanırlar.

“Bu obyektlər kondisionerlər, qızdırıcılarla təmin olunub, video nəzarət var. Oraya günəş şüası düşür, sanitar şəraiti var və miqrantları orda qıfıl altında saxlamayıblar”, – polis bildirib.

Bosniya Avropa İttifaqına keçmək istəyən miqrantlar üçün əsas tranzit ölkəyə çevrilib.

Ötən il bu dağlıq Balkan ölkəsinə 23 mindən çox adam üz tutub. Onlar Xorvatiya ilə sərhədi adlayaraq digər Aİ ölkələrinə keçməyə cəhd göstəriblər.

Ancaq Bosniyanın özünün iqtisadi və siyasi problemləri olduğundan, əhalinin böyük hissəsi miqrantlara qonaqpərvər yanaşmır.

Aİ miqrant axınının öhdəsindən gəlməyə yardım ayırsa da, Bosniya qəbul mərkəzlərini elə də sürətlə açmır və miqrantların çoxu əldəqayırma düşərgələrdə yaşayır.