Rusiya Prezident Vladimir Putin deyir ki, avqustda Rusiyada azərbaycanlı həmkarı İlham Əliyev və İran Prezidenti Hassan Rohani ilə sammit keçirəcək.
Putin jurnalistlərə bu açıqlamanı aprelin 26-da Əliyevlə görüşündən sonra verib. Görüş Kəmər və Yol forumu çərçivəsində keçirilib.
“Avqustda Rusiyada daha bir Rusiya-Azərbaycan-İran sammiti keçirməyə razılaşdıq”, – Putin vurğulayıb.
Sonuncu belə görüş 2017-ci ilin noyabrında Tehranda keçirilmişdi.
Həmin toplantı zamanı İranın Ali dini lideri Ayətulla Ali Khamenei Putinə demişdi ki, Tehranla Moskva Birləşmiş Ştatları təcrid etmək, Yaxın Şərqdə sabitlik yaratmaq üçün əməkdaşlığı gücləndirməlidirlər.
İranla Rusiya Suriya Prezidenti Bashar al-Assad-ın əsas müttəfiqləridir.
Rohani isə Tehran sammiti zamanı deyirdi ki, İran və Rusiya “regional terrorçuluq”la birgə mübarizə apara bilər. O, İran və Assad hökumətinə düşmən mövqedə olan sünni müsəlman silahlı ekstremistləri nəzərdə tuturdu.
Rusiyanın Rosneft şirkəti və İran Milli Neft Şirkəti 2017-ci il sammiti zamanı bir razılaşma hazırlayıb. 30 milyard dollarlıq bu sənəd İranda “strateji” layihələr üzrə birgə işləməyi nəzərdə tutub.