Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 26-da keçirdiyi mətbuat konfransında banklara 10 min dollardan çox borcu olanlara güzəşt edilməsi ilə bağlı təkliflərə də münasibət bildirib. O vurğulayıb ki, belə bir güzəşt nəzərdə tutulmayıb.
E.Rüstəmov qeyd edib ki, bu kreditləri sahibkarlar öz biznes planlarından ötrü götürüblər və onlar risklərə görə cavabdehdirlər.
Son günlər bəzi deputatlar bildirmişdilər ki, banklara 10 min dollardan çox borcu olan hüquqi şəxslərə də güzəşt edilməsi ilə bağlı təkliflər var. Onların deməsinə görə, bu sahibkarlara güzəşt məqsədi daşıyır.
Xatırlatma
Bu il fevralın 28-də dövlət başçısı banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman verib.
Fərmana görə, 2015-ci ildə baş verən devalvasiyalarla (manat iki dəfə dəyər itirib) həmin borclu şəxslərə (602.347 nəfər) dəyən zərər dövlət hesabına ödənməlidir. Aprelin 22-dən bu kateqoriya vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanıb.