Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

Rumınya Milli Bankının muzeyi

Azərbaycan Dövlət Neft Fondunun (NF) bu ilin birinci rübündə 20,8 ton qızıl aldığı bildirilir.

Qurumun 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında qeyd edilir ki, bu il martın 31-nə onun investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton olub.

2018-ci ilin sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi.

Qızıl investisiyalarının hazırda Neft Fondunun investisiya portfelinin 7,4 faizini təşkil etdiyi qeyd olunur.

Xatırlatma

Neft Fondu 1999-cu ildə təsis edilib. Fəaliyyət göstərdiyi müddətdə Neft Fonduna ümumilikdə 140 milyard dollar civarında vəsait daxil olduğu bildirilir. Bu il martın sonunda onun vəsaitləri 40 milyard 273 milyon ABŞ dollarına bərabər olub

Müxalifət hesab edir ki, bu vəsaitin bir hissəsi korrupsiyanın yemi olub.

Amma hakimiyyət rəsmiləri bu deyilənləri qəbul etmir. Onlar həmin vəsaitlərin dövlət büdcələrinə transfert olunduğunu, bir sıra yerli və beynəlxalq layihələrə xərcləndiyini bildirirlər.