Prezident birinci rübü dəyərləndirib

İ.Əliyev

Aprelin 30-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Sonra prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış ediblər.

Prezident İ.Əliyev iclasda yekun nitqi söyləyib.

Prezident yeni inkişaf strategiyasının hazırlandığını deyib

AZƏRTAC-ın xəbərinə görə, giriş nitqində «islahatlara alternativ yoxdur», - deyən prezident İlham Əliyev vurğulayıb ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.

Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını bildirən dövlət başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını söyləyib.

Habelə, ilin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən prezident İ.Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını vurğulayıb.

«Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik», - deyə o qeyd edib

Prezident İ.Əliyev yekun nitqində isə hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlandığını söyləyib. Dövlət başçısı vurğulayıb ki, son 15 ildə ölkədə 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı 10 milyona çatıb. Onun sözlərinə görə, bu da qarşıya yeni vəzifələr qoyur.

Bir sıra müstəqil ekspertlər və müxalif siyasi qüvvələr isə prezident İ.Əliyevin hakimiyyətdə olduğu 15 ilə aid sadalanan bəzi rəsmi rəqəmlərə şübhə bəsləyirlər. Onlar xüsusilə də son 15 ildə 2 milyon iş yerinin yaradılması haqqında deyilənlərin əsası olmadığını, bu sahədə rəqəmin şişirdildiyini bildirirlər.