Əmanətçilər yenə Administrasiya qarşısına toplaşıb

Sığortalanmamış əmanətlərin qaytarılmasını istəyirlər. 15 mart 2019

Bu gün, aprelin 30-da «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup əmanətçisi yenidən Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirib.

Şikayətçilər əlində İlham Əliyevin şəklini və «Bank Standart, əmanətlərimizi qaytar!» sözlər yazılmış plakat tutaraq binanın qarşısında dayanıblar.

Onlar prezidentə və birinci vitse-prezidentə müraciət edərək, pullarının qaytarılmasını xahiş ediblər. «Artıq üç ildir bura gəlirik. Niyə məhkəmə işimizə baxmır? Heç bir irəliləyiş yoxdur. Biz artıq bilmirik kimə müraciət edək», - vətəndaşlar bildirib.

Polis əməkdaşları aksiyaçılara yaxınlaşaraq, onlardan ərazini tərk etməyi tələb ediblər. Onlar isə «Bank Standart!» qışqıraraq aksiyanı davam ediblər.

Axırda aksiyaçılar imza toplayaraq, prezidentə yazılı müraciət ünvanlayıblar.

«Bank Standard» QSC-nin əmanətçiləri bu il bundan əvvəl də PA qarşısına toplaşıblar, hətta onlardan qəbul edilənlər də olmuşdu.

«Bizə dedilər ki, şikayətlərə baxılır, əgər qərar qəbul ediləcəksə, bu, bütün bağlanmış bankların müştərilərinə şamil olunacaq», - bir müddət öncə şikayətçilərdən biri qəbuldan sonra söyləmişdi.

Əmanətçilərin aprelin 30-da keçirdikləri aksiyaya isə, hələlik, bağlanan bu bankın keçmiş məsul şəxslərinin və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

«Bank Standard» QSC 2016-cı ilin sentyabrında ləğv olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından onda bildirilmişdi ki, «Bank Standard»ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondu «Bank Standard» QSC-də isə 438.6 milyon manat qorunan əmanət olduğunu açıqlayıb. Həmin əmanətlərin 99 faizini qaytardığını bildirib.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondundan bildirmişdilər ki, həmin banklarda qorunan əmanətlərin 99 faizi qaytarılıb. Hələlik, qorunmayan əmanətlərin qaytarılacağından söhbət getmir.