Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və başqa sahələr üzrə mövcud əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
Məlumatda vurğulanır ki, Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının Bakıda keçirilməsi məsələsi də müzakirə edilib.
XİN bildirir ki, E.Məmmədyarov Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti və xarici işlər nazirlərinin bu yaxınlarda Moskvada baş tutmuş görüşü haqqında qarşı tərəfə məlumat verib. O vurğulayıb ki, münaqişənin tezliklə həlli, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyətlidir.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini C.Kent aprelin 30-da Azərbaycana gəlib. O, bu səfər çərçivəsində bundan əvvəl prezident İlham Əliyevlə görüşmüşdü.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu vasitəsilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.