Rusiyada 1 may yürüşlərində 100-dən çox saxlanan olub

Moskvada yürüş

Rusiyanın şəhərlərində 1 may yürüşləri ilə əlaqədar saxlananların sayı 100-ü keçib.

“OVD-İnfo” hüquq-müdafiə portalının məlumatına görə, saxlananların yarıdan çoxu Sankt-Peterburqda aksiyaya çıxanlardır. Burada Milli Qvardiya əməkdaşları “Azad Peterburqa – azad seçkilər!” deviziylə yürüş edənləri dağıdıblar. Şəhərdəki polis bölmələrinə 60-dan çox etirazçı aparılıb.

Mahaçqala, Novqorod və Kurskda gənclərin Monstrasiya adlı yürüşünün iştirakçıları saxlanıb. Dağıstan paytaxtında aksiyanın təşkilatçısı Raisat Sirajudinov da saxlanıb. Mahaçqaladakı tədbirə yerli hakimiyyət icazə verməmişdi, terror riskini əsas gətirmişdi.

1 may yürüşlərində Petropavlovsk-Kamçatka, Tomsk, Kursk və Sıktıvkarda da saxlananlar olub.