Prezident Bakıda Forumun açılışında

İ.Əliyev

Prezident: «Multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir»

«Azərbaycanda əsrlər boyunca müxtəlif dinlər, etnik qruplar birgə yaşayıb, ölkəmizdə daim dini tolerantlıq hökm sürüb».

AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 2-də Bakıda «Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq» şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda prezident İlham Əliyev deyib.

Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən İ.Əliyev buna nümunə olaraq vurğulayıb ki, 2016-cı il Azərbaycanda Multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan edilib.

Dövlət başçısının fikrincə, multikulturalizmin dünyada tendensiya halı alması sülhə və tərəfdaşlığa beynəlxalq səviyyədə vacib töhfə olardı.

+++

Bu gün, mayın 2-də Bakıdakı Heydər Əliyev Mərkəzində «Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq» şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Prezident İ.Əliyev mərasimdə nitq söyləyib.

Tədbir Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Toplantıda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.

Xatırlatma

I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ilin aprelində Bakıda keçirilib. Bu forumlar hər iki ildən bir təşkil edilir.

Azərbaycanın təşəbbüsü ilə keçirilən bu toplantıların mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa xidmət etdiyi bildirilir.