İdarə rəisi: Çirkab sular Xəzərə axıdılır

Xəzərin çirklənməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov jurnalistlərə açıqlamasında vətəndaşları və bir sıra müəssisələri Xəzər dənizini çirkləndirməməyə dəvət edib.

İdarə rəisi Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələrini açıqlayaraq bildirib: «Rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığı üçün çirkab sular təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır».

Onun sözlərinə görə, təhlillərin nəticələri göstərir ki, su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıqdır.

Ə.Həsənov deyib ki, Xaçmaz ərazisində ən çox çirklənməyə məruz qalan Qudyalçay, Qusarçay və Vəlvələçaydır, bunlar da Xəzəri çirklənməyə məruz qoyur.

İdarə rəisi çayların çirklənməsinə səbəb kimi isə «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) 1 saylı Regional Su Kanal İdarəsinin bioloji təmizləyici qurğusunun istismara yararsız olmasını və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasını göstərib.

O qeyd edib ki, bir sıra obyektlərin tullantıları çaylar vasitəsi və birbaşa Xəzərə axıdılır.

Ə.Həsənov bildirib ki, Yalama-Nabran ərazisində isə yaşayış məntəqələrində formalaşan tullantı sular mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından birbaşa dənizə axıdılır. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində antisanitar vəziyyətin əmələ gəldiyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisinin bu açıqlamasına, hələlik, «Azərsu» ASC-nin və başqa uyğun qurumların münasibətini almaq mümkün olmayıb.