Deputat: 'Azərbaycanda seks-turizm inkişaf edir'

A.Əlizadə

«Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Gəlib, pulla və s. yollarla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır».

«Report» xəbər verir ki, bunu bu gün, mayın 3-ü Milli Məclisin iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.

O xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi: «Amma sonradan buna məcəllədə dəyişiklik etdilər. Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər, girişi də ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik».

Deputat Tahir Kərimli də çıxışında bu məsələni qaldırıb: «İnsanlar evlərini hostellərə, mehmanxanalara çevirirlər. 2017-ci ildə qanuna dəyişiklik olundu ki, çoxmənzilli binalarda qeyri-yaşayış sahəsinin hostelə çevrilməsi üçün icazə lazım deyil. Amma əvvəlki qanunda qonşuların mənafeyi nəzərə alınırdı. Yeni qanunda bu məsələ nəzərə alınmır. Azərbaycanda masaj salonlarına, barlara nəzarəti gücləndirmək lazımdır. Hazırda yaşadığım ərazidə hər kəs sözünü deputata deyir. Bəs deputat kimə desin?!».

DİN rəsmisi: «Narahatlıq başadüşüləndir»

«Hostellərin fəaliyyəti ilə bağlı narahatlıq başadüşüləndir…».

«Report» xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin (DİN) birinci müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov qeyd edib ki, bu problemlərin həlli mümkündür: «Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik».