Vilayət Eyvazov parlamentdə hesabat verdi

V.Eyvazov

Bu gün, mayın 3-də Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatı dinlənib.

«Report» xəbər verir ki, hesabatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib.

O bildirib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə aid 35 cinayət qeydə alınıb. Onun deməsinə görə, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib.

V.Eyvazov vurğulayıb ki, axtarışda olan 51 şəxsdən 34-ü tutulub.

V.Eyvazov habelə qeyd edib ki, insan alveri və məcburi əməklə bağlı başlanılmış cinayət işlərindən 27-sinin istintaqı tamamlanaraq, 34 şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: «Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan vətəndaşı) 71-i istismar məqsədilə Türkiyəyə, 20-si Rusiyaya, 3-ü İrana aparılıb. 2-si Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək, hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib. 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb. Eləcə də hər birinə 400 manat birdəfəlik müavinət ödənilib».

V.Eyvazovun deməsinə görə, qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib. «16 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib».

Hesabat dinlənildikdən sonra müzakirə başlayıb və səsverməyə qoyularaq qəbul edilib.