Azərbaycan-Gürcüstan sərhədində görüş

Sərhəd

Dünən, mayın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mayın 7-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, «Şəmkir» sərhəd dəstəsinin xidməti ərazisində işçi görüşü keçirilib.

DSX bildirir ki, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyi ilə bağlı birgə fəaliyyət və əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Görüşün dostluq və qarşılıqlı anlaşma şəraitində keçdiyi bildirilir.

Keşikçi məbədi və ya «David Qareci»...

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu günlər bu ölkənin Azərbaycanla sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası (sərhədin müəyyən edilməsi-red.) məsələləri böyük ölçüdə razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyə ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında Udabno məbədi Azərbaycanın ərazisi olub.