Myanmada “Reuters”in müxbirləri azad olunub

Jurnalistlər həbsxanadan çıxır

Mayın 7-də “Reuters” informasiya agentliyinin iki jurnalisti Myanmada əfv olunaraq azadlığa çıxıb. Onlar Rohinca böhranından yazdıqlarına görə həbs olunmuşdular.

32 yaşlı Wa Lone və 28 yaşlı Kyaw Soe Oo Myanmanın ən böyük şəhəri olan Yanqonda məşhur Insein həbsxanasından buraxılıblar. Müxbirlər həbsdə 16 aydan artıq bir müddət qalıblar.

Jurnalistlər 2018-ci ilin sentyabrında dövlət sirlərinə sahiblənmədə təqsirli biliniblər. Bundan öncə isə Birma ordusunun yaraqlılara qarşı kampaniyasından, 700 min rohinca müsəlmanın Banqladeşə qaçmağa məcbur qalmasından yazıblar.

Ordu rohinca partizanlarının hücumlarına cavab verdiyini deyirdi.

BMT rəsmiləri, digərləri bu kampaniyanın etnik təmizləməyə, hətta soyqırımına bərabər olduğunu bildiriblər.

İki jurnalistin həbsini beynəlxalq insan haqları qrupları, Qərb hökumətləri, media birlikləri pisləyiblər.

Myanma Ali Məhkəməsi aprelin 23-də jurnalistlərin yeddi ilik həbsdən verdikləri şikayəti rədd edib.

Onlar Prezident Win Myint-in əfv fərmanıyla azadlığa çıxıblar. Ümumilikdə 6 min 520 məhbus əfv edilib.