Sürücülər daha çox 'xərcə düşüb'

Yol polisi. Foto arxiv

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 374 yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsinin (DSK) mayın 8-də yaydığı məlumatda bildirilir ki, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz azdır.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4.2 faiz azalaraq 484 nəfər olub: «Onlardan 142-si həlak olub, 342-si isə yaralanıb».

DSK bildirir ki, hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı da 2018-ci ilin eyni dövrünə nisbətən 10.8 faiz azalaraq 701.6 min olub: «Qaydaların pozulmasına görə 23.1 milyon manat məbləğində cərimələr tətbiq edilib».

Xatırlatma

Ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisəsi kimi, bu sahədə inzibati xətaların sayı da azalıb. Ötən ilin eyni dövründə belə xətalar 786.2 min olmuşdu. Qaydaların pozulmasına görə isə cərimələrin tətbiqi əksinə, artıb. Ötən ilin ilk 3 ayında 14.2 milyon manatlıq cərimə yazılmışdı.

Son bir ildə yol-nəqliyyat hərəkətindəki pozuntularla bağlı cərimələr bir elə artırılmayıb.