Almaniya polisi pis rəftarda suçlanır

Almaniyada miqrantlar, arxiv fotosu

Avropa Şurasının komitəsi Almaniya polisini bir əfqanı ölkəsinə deportasiya edərkən pis rəftara məruz qoymaqda, onun cinsiyyət orqanını sıxmaqda ittiham edib.

“Adamın cinsiyyət üzvünü sıxmaqla onu bərk ağrıtmaq aşırı, qeyri-münasib davranışdır”, – İşgəncələrin Önlənməsi üzrə Avropa Komitəsinin mayın 9-da yaydığı hesabatda deyilir.

Komitə 2018-ci ildə uçuş zamanı alman polisinin deportasiyaya müqavimət göstərən əfqan kişiyə qarşı bu metoda əl atdığını müşahidə etdiyini bildirir. Bu zaman digər polis əməkdaşı əlini əfqanın boynuna dolayıb və “əfqan çətinliklə nəfəs almağa başlayıb”.

Komitə bu iki texnikanın istifadəsinə dərhal son qoymağa çağırır.

Berlin tövsiyəni tədbir görməkdən ötrü federal polisə ötürdüyünü bildirib.

2018-ci il avqustun 14-də sığınacaq müraciəti rədd olunmuş 46 əfqan Münhendən Kabilə yola salınıb.