Yaponiyayla sülh sazişində ‘aşırı ciddi’ ziddiyyətlər var

Sergei Lavrov (sağda) yaponiyalı həmkarı Taro Kono ilə

Rusiya ilə Yaponiya arasında 2-ci Dünya müharibəsi sülh sazişi üzrə “aşırı ciddi” ziddiyyətlər var. Bunu Rusiyanın Xarici işlər naziri Sergei Lavrov deyib. Tokio həmin sazişin iki ölkə arasındakı ərazi mübahisəsinə son qoyacağına ümid edir.

Lavrov mayın 10-da Moskvada yaponiyalı həmkarı Taro Kono ilə görüşdə danışıb. O deyib ki, yanvar və fevralda keçirilən danışıqlarda tərəflər əsas yanaşmalarını aydınlaşdırıb, tarixi və hüquqi aspektləri hərtərəfli müzakirə ediblər.

“Ümid edirəm, bu danışıqlar və məsləhətləşmələr tərəflərə mövqelərindəki ziddiyyətləri daha yaxşı anlamağa imkan verib. Bu ziddiyyətlər yetərincə vacibdir”, – Lavrov deyib.

Yaponiya dörd adayla bağlı mübahisəni həll etməyə çalışır. Adaları Yaponiya Şimal Əraziləri, Rusiya isə Cənubi Kuril adlandırır. Bu mübahisə Moskva və Tokionun müharibə ədavətinə rəsmən son qoymasını əngəlləyib.

Sovet əsgərləri müharibənin son günlərində Oxotsk dənizi ilə Sakit Okean arasındakı adaları tutublar.

Tokionun Moskvanın oradakı suverenliyini tanımaması 1950-ci illərdən davam edən sülh prosesini əngəlləyib.

Rusiya Prezidenti Vladimir Putin yanvarda deyib ki, Moskvanın Tokio ilə sülh sazişi bağlamasından ötrü “ağrılı iş” görülməlidir. O, təklif olunan həll variantını ictimaiyyətin “dəstəkləməli” olduğunu deyib.