«Gürcüstan tərəfi ilə görüşümüz gələn həftə keçiriləcək».
Report xəbər verir ki, bunu bu gün, mayın 10-da jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
«Sərhəd dövlət səviyyəsindəki mühüm məsələdir. Gürcüstan tərəfi ilə bu məsələ ilə bağlı 1996-cı ildən məşğuluq. Hərtərəfli danışıqlar gedir, artıq sərhədin 2/3 hissəsi müəyyənləşdirilib. Gələn həftə Gürcüstandakı komissiyanın yeni təyin olunan rəhbəri ilə görüşümüz nəzərdə tutulur. Həmin görüşdə növbəti iclasın tarixi və yeri təyin olunacaq», - nazir müavini qeyd edib.
O, Azərbaycanla Gürcüstan arasındakı sərhədin delimitasiyası (sərhədin müəyyən edilməsi-red.) barədə son vaxtlar səsləndirilən ziddiyyətli bəyanatların hər iki ölkənin və xalqın mənafeyinə uyğun gəlmədiyini vurğulayıb.
Xatırlatma
Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, son vaxtlar bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb.
Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri böyük ölçüdə razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.
Prezidentin sərəncamı ilə 2007-ci ildə Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən 28 kilometr uzaqda yerləşir.