'Diqlas'ın sahibkarlarının narazılığı davam edir

Sizin brauzer HTML5-i dəstəkləmir

"Diqlas" ticarət mərkəzində yanğın

Mayın 13-ü «Diqlas» Ticarət Mərkəzinin sahibkarları Nazirlər Kabinetin qarşısına toplaşaraq onlara dəymiş ziyanın ödənilməsini istəyiblər.

Sahibkarların sözlərinə görə, artıq iki aydır onlara dəymiş ziyanın kompensasiyası tam ödənilmir: «Prezident sərəncam verdi. Komissiya yaradılmalı, bizim iştirakımızla ziyanla bağlı akt tərtib olunmalı idi. Lakin bunu etmirlər. 10 gün əvvəl bazar nümayəndəsi ilə görüşümüz olub, aktı o tərtib edib. Belə olmamalıdır. Kompensasiyaların verilməsi tarixi bizə deyilmir və bu da bizi narahat edir. Hər həftə gəlirik, eyni söz deyib yola salırlar».

Bir müddət keçəndən sonra şikayətçilərin nümayəndələri binaya dəvət ediblər. Görüşdən çıxan sahibkarlar deyiblər ki, onlardan vaxt istənilib. «Bizə dedilər, narahat olmayın, istintaq gedir, bizə vaxt verin, bütün dəymiş ziyan ödəniləcək. Həmçinin, yenidən prokurorluğa gəlib ərizə yazmaq və ərizədə ziyanın məbləğini şişirtməməyi xahiş etdilər».

Xatırlatma

Martın 26-da «Diqlas» Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 400-dən yuxarı sahibkara ziyan dəydiyi bildirilir. Onlar ilk günlər müxtəlif qurumların önünə toplaşaraq şikayətlərini dilə gətiriblər.

Martın 28-də bu məsələ ilə bağlı dövlət başçısı iclas keçirib. İclasda sahibkarlara dəyən ziyanın ödənməsi, onların iş yerləri ilə təmin olunmaları ilə bağlı İqtisadiyyat Nazirliyi daxilində komissiya yaradılıb. Bundan əlavə, yanğının səbəblərinin araşdırılması barədə tapşırıq verilib. Martın 29-da dövlət başçısı sahibkarlara dəyən ziyanın ödənməsindən ötrü 3 milyon manat vəsaitin ayrılması barədə də sərəncam imzalayıb.

Xüsusi komissiya da üç gün ərzində sahibkarları fərdi qaydada qəbul edərək, onların problemlərini dinləmişdi.

Sonradan İqtisadiyyat Nazirliyinin Kollegiyasının «Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası»nı təsdiqlədiyi açıqlandı. Həmin qaydaya görə, ticarət mərkəzində mağaza, anbar icarəyə götürənlərə 10 min, piştaxta və digər sahələr icarəyə götürən sahibkarlara isə 2 min manat yardımın verilməsi nəzərdə tutulurdu. Daha sonra da sahibkarlardan bəzilərinə bu qaydada yardım göstərildiyi bildirilmişdi.