Hakerlər WhatsApp xidmətindəki bir qüsurdan yararlanaraq telefonlara və digər cihazlara casus proqramı yerləşdirə biliblər. Bu açıqlamanı Facebook-a məxsus mesajlaşma əlavəsi mayın 13-də yayıb.
Virusun “seçilmiş” istifadəçiləri hədəfə aldığı, “qabaqcıl kiber oyunçu” tərəfindən istifadə olunduğu bildirilir.
Proqram cihazlara WhatsApp-in zəng xidməti funksiyası vasitəsilə yeridilib.
“Bu hücumda hökumətlərlə işləyən özəl şirkətin əlamətləri var, hücum zamanı mobil telefonun əməliyyat sistemlərinə nəzarət edən casus proqramından istifadə olunub”, – WhatsApp bildirib.
Tətbiqi yeniləyin
Şirkət virusun mayın əvvəlində aşkarlandığını bildirir. Artıq problem aradan qaldırılıb. Xidmət 1,5 milyard istifadəçisini hər ehtimala tətbiqi yeniləməyə çağırır.
***Buna da bax: Facebook-un həmtəsisçisi Zuckerberg-i 'cilovlamağa' çağırır
“The Financial Times of London” casus proqramının İsrailin NSO Group adlı təhlükəsizlik şirkəti tərəfindən hazırlandığını müəyyənləşdirib.
NSO Group bəyanatında bildirib ki, onun məhsulları hökumətlərin kəşfiyyat və hüquq-mühafizə agentliklərinə cinayətkarlıq və terrorçuluğu araşdırmaq və onlarla mübarizə aparmaq imkanı verir.
Londonda mənzillənən Amnesty International hüquq-müdafiə təşkilatı isə bildirib ki, avtoritar rejimlər bu alət vasitəsilə tanınmış hüquq müdafiəçilərini və jurnalistləri nəzarət saxlayırlar, bunun dəlilləri getdikcə artmaqdadır.
“Onlar sizin telefonu siz heç bir addım atmadan yoluxdururlar”, – Amnesty Tech-in proqram direktorunun müavini Danna Ingleton deyib.
Mayın 14-də Təl Əviv məhkəməsi Amnesty International-ın vəsatətinə baxacaq. Qurum İsrailin Müdafiə Nazirliyini NSO Group-un məhsullarını ixrac lisenziyasını ləğv etməyə çağırır.