Alabamada abort yasaqlanır

Nyu Yorkda etiraz, arxiv fotosu

ABŞ-ın cənubundakı Alabama ştatının senatı demək olar bütün abortları yasaqlayacaq qanun qəbul edib.

Respublikaçıların üstünlük təşkil etdiyi senat mayın 14-də 25-6 səs fərqilə qanunu qəbul edib. Qanunvericilik yalnız qadının səhhətinə risk olanda aborta icazə verir. Demokratlar insest və zorlama halında aborta icazəylə bağlı dəyişiklik təklif etsələr də, keçməyib.

Qanunvericiliyi indi respublikaçı qubernator Kay Ivey imzalamalıdır. O, sənədi imzalamaqla baölı bir söz deməyib.

Qadınların Milli Təşkilatı qadağanı qeyri-konstitusion adlandırıb.

Qanunvericilik tərəfdarları onun ABŞ Ali Məhkəməsinin 1973-cü ildə ölkə üzrə abortları leqallaşdıran qərarına qarşı hazırlandığını bildirirlər.

Ali Məhkəmədə hazırda mühafizəkar hakimlər üstünlük təşkil edir. Prezident Donald Trump belə hakimlərdən ikisini təyin edib.

Bu il Corciya, Kentukki, Missisipi və Ohayo ştatları da həkim embrionun ürək döyüntüsünü aşkarlayan kimi abortu yasaqlanmasına qərar verib.