Psixoloqların maaşları arta bilər

Təhsil Nazirliyi

Azərbaycanda psixoloqların maaşlarının artırılmasından ötrü diaqnostik qiymətləndirmə keçiriləcək.

«Report» xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov 15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş «Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır» adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planlar hazırlanır: «Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var».

Xatırlatma

Son vaxtlar Azərbaycan məktəblərində baş verən bir sıra intihar hallarından sonra orta təhsil müəssisələrində psixoloq vəzifəsinə diqqət artıb. Hətta bəzi ekspertlər iddia edirlər ki, bir sıra məktəblərdə bu ştatlar formal xarakter daşıyır.