Rohani ‘gözümçıxdı’ya salınır – Qərb mediası

Hassan Rohani

Birləşmiş Ştatların İrana təzyiqi artırması praqmatik Prezident Hassan Rohani-nin mövqeyini zəiflədib, onun sırt xətt tərəfdarı olan rəqibləri isə daha inamlı davranırlar. Bunu “Reuters” agentliyi yazır.

2015-ci ildə Qərblə nüvə sazişi imzalamış Rohani-nin nüfuzu sarsılır: nüvə sazişi üzrə aparıcı müşavir olmuş qardaşı dəqiq açıqlanmayan korrupsiya ittihamları ilə həbsə atılıb; ədliyyə sisteminə sərt xətt tərəfdarı başçılıq edir; və Rohani hökuməti ABŞ Prezidenti Donald Trump-ın sanksiyalarına çox yumşaq cavab verdiyinə görə tənqid olunur.

Trump ötən il nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib.

Rouhani isə rəqib fraksiyaları birlikdə işləməyə çağırıb, ölkədə səlahiyyətlərinə məhdudiyyətlər olduğunu qeyd edib. Amma ədliyyənin rəhbəri Ebrahim Raisi hökumətin bütün qanadlarının öz vəzifəsini icra etməyə yetərincə səlahiyyəti olduğunu deyib. Yerli media bunu Raisi tərəfindən birbaşa töhmət kimi yozub. Raisi 2017-ci ilin prezident seçkisində Rohani-nin opponenti idi.

Ebrahim Raisi

Agentlik yazır ki, Rohani-nin vəzifədən getməsinə iki il var, amma iranlılar problemlərinə görə onu məsul hesab edirlərsə, onda varisi Qərbə münasibətdə sərt xətt yürütməli olacaq, təhlilçilər belə deyirlər.

“Sərt xətt tərəfdarları Trump administrasiyası ilə bundan yaxşı müttəfiq ola bilməzlər”, – Beynəlxalq Böhran qrupunda İran layihəsinin direktoru Ali Vaez deyib.

Rohani ötən həftə elan elədi ki, İran nüvə sazişi çərçivəsindəki bəzi öhdəliklərindən geri çəkiləcək. O zaman mühafizəkar “Kayhan” qəzeti bu addımı “gecikmiş və minimal” adlandırıb.

Avropalıları “20 ilə AB-nin sonunu gözləyir”

Avropalıların yarıdan çoxu Avropa Birliyinin (AB) bir nəsil içində dağılacağına inanır. “The Guardian” qəzeti bunu yeni rəy sorğusunun üzə çıxardığını yazır.

Emmanuel Macron (solda) Yelisey sarayında Marine Le Pen ilə görüşür, arxiv fotosu

Sorğu keçirilən ölkələrdə respondentlərin əksəriyyəti AB-nin 10-20 il içində dağılmasını “mümkün” sayırlar.

Bu rəqəmlər Fransada daha kəskin görünür. Burada Prezident Emmanuel Macron-un La République En Marche partiyası Marine Le Pen-in Rassemblement National (RN) partiyasından geri qalır. Sonuncu Brüsseli kəskin tənqid etməkdədir.

Sorğu Xarici Əlaqələr üzrə Avropa Şurasının sponsorluğu ilə YouGov tərəfindən keçirilib.

Fransadakı respondentlərin 58 faizi inanır ki, AB-nin 20 il içində parçalanması ehtimalı yüksəkdir. Slovakiyada belə düşünənlərin sayı 66 faizdir.

Sorğu Avropa Parlamentindəki yerlərin 70%-dən çoxuna malik 14 ölkədə aparılıb. Yalnız İsveç (44%) və İspaniyada (40%) qurumun parçalanacağını deyənlərin sayı çoxluqda deyil.

Rəyi soruşulan hər 10 nəfərdən üçü AB daxilində ölkələr arasında münaqişəni mümkün sayıb.

Fransa və Polşada seçicilərin üçdə biri müharibəni mümkün sayıb.

23-26 may tarixlərində Avropa Parlamentinə seçkilər keçirilməlidir.

Huawei-nin loqosu Çində sərgidə

Huawei “risk yaradır”

Çinin Huawei şirkəti Britaniyaya böyük təhlükəsizlik riski yaradır və hökumət bu şirkətə 5G şəbəkələrinin qurulmasında məhdud rol vermək qərarına yenidən baxmalıdır. Belə bir xəbərdarlıqla Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri çıxış edib.

Birləşmiş Ştatlar 5G sahəsində üstünlüyü qlobal rəqibi olan Çinin ələ keçirəcəyindən narahatdır. “Reuters” bunu Soyuq müharibə dövrünün silahlanma yarışı ilə müqayisə edir.

Trump administrasiyası bu həftə Huawei-yə sərt sanksiyalar tətbiq edib, müttəfiqlərinə də xəbərdarlıq edib ki, bu şirkətin texnologiyasından istifadə etməsinlər, çünki Çin bu avadanlıqdan casusluq üçün yararlana bilər. Huawei ittihamları rədd edir.

Britaniya isə bu şirkətə 5G şəbəkəsinin bəzi hissələrinin qurulmasına məhdud rol verməyə razılaşıb, yekun qərar hələ dərc olunmayıb.

“Çox ümid edirəm ki, Britaniya hökumətinin… Huawei qərarına yenidən baxmağa vaxtı olacaq”, – 1996-2004-cü illərdə Gizli Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Richard Dearlove deyib.

“Kommunikasiyalara nəzarət və kanallarla axan informasiya cəmiyyətlər və digər ölkələr üzərində hakimiyyət əldə etmək yoluna çevriləcək”, – Dearlove Henry Jackson Cəmiyyətinin Huawei ilə bağlı hesabatına ön sözündə yazır.

Huawei Pekin üçün casusluq etmədiyini, qanunlara uyğun davrandığını, Qərb şirkətləri geri qaldığına görə Birləşmiş Ştatların ona qara yaxmağa çalışdığını bildirir.