«Sənədsiz evlərlə bağlı işçi qrup yaradılıb».
Bunu bu günlər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Biləcəri qəsəbə sakinləri ilə görüşündə bildirib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.
Yayılan məlumata görə, E.Əzizov görüşdə deyib ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi sakinləri ən çox narahat edən problemlərdən biridir: «Bu onilliklərdən bəri yığılıb qalan problemdir. Ölkə başçısı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlar birgə iş aparırlar».
E.Əzizov habelə vurğulayıb ki, bu problemin həlli müəyyən vaxt tələb edir. Onun deməsinə görə, evlərin sənədləşmə işlərini bir anda həll etmək mümkün deyil
Xatırlatma
Hələ 2011-ci ildə dövlət başçısı İlham Əliyev sənədsiz evlərlə bağlı məsələyə toxunmuşdu. Verilən məlumatlara görə, prezident Bakı və ətraf ərazilərdə bu məsələnin həlli ilə bağlı göstəriş də vermişdi.
Amma aradan illər keçsə də, bu məsələ, hələlik, həllini tapmayıb. Yerli mətbuatın yazdıqlarına görə, Bakı və ətraf qəsəbələrdə belə evlərin sayı bir neçə yüz mindir. Bu məsələ yenidən bu il rəsmi şəkildə gündəmə gətirilib.